Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 85 dəfə

Antonio Quterreş: Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan yerdə gözləyir

Paylaş

COVID-19 pandemiyası dünyada insanlara ağlasığmaz əziyyət verir və iqtisadiyyatın iflasına səbəb olur.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreşin gender əsaslı zorakılıq və COVID-19-la bağlı bəyanatında deyilir. “Bu yaxınlarda mən ümumi mübarizəmizi pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırmışdım.

Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim. Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır. Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan yerdə gözləyir. Öz evlərində. Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm”, – deyə baş katib bəyan edib.

Antonio Quterreş COVID-19-un qarşısını almaq üçün təcrid və karantinin vacibliyinə də toxunub: “Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər. Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir.

Yerli dəstək qrupları iflic vəziyyətdədir və ya vəsait çatışmazlığı ilə üzləşir. Məişət zorakılığı qurbanları üçün fəaliyyət göstərən bəzi sığınacaqlar bağlıdır, digərləri doludur.

Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVID-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram.

Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan sərmayənin artırılması deməkdir.

Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsini təmin etməlidir. Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemləri yaradılmalıdır. Sığınacaqlar həyati əhəmiyyət kəsb edən xidmət kimi elan edilməlidir. Qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır. Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir”.

Antonio Quterreş hesab edir ki, COVID-19-a qalib gəlmək üçün çalışdığımız zaman müharibə bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az