Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 95 dəfə

Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib

Paylaş

Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyində YAP könüllüləri tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanan dərsliklərin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyevin elan etdiyi “Könüllülər ili” çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, “Könüllülərlə maariflənək” şüarı altında Yeni Azərbaycan Partiyasının və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə YAP könüllüləri Gürcüstanda yaşayan soydaşlarımızın istəyini nəzərə alaraq “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib.

Qeyd edilib ki, ölkəmizdə könüllülər hərəkatı böyük vüsət alıb, YAP Gənclər Birliyi “Könüllülər ili” çərçivəsində paytaxtda və regionlarda müxtəlif tədbirlərin keçirilməsini nəzərdə tutur.

S.Orucov təqdim olunan layihənin də gənclər tərəfindən maraqla qarşılanacağına inandığını söyləyib.

YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Misirxan Həsənov aksiya haqqında ətraflı məlumat verib. O bildirib ki, Gürcüstanda yaşayan gənc soydaşlarımız üçün bir ay ərzində 500 adda 2000 nüsxə kitab toplanıb. Bu kitablar Azərbaycan dilində nəşr olunmuş yerli və dünya ədəbiyyatını, dərslikləri və uşaq ədəbiyyatını əhatə edir.

M.Həsənov vurğulayıb ki, ilk mərhələdə fevralın 23-də 800 nüsxə kitab Tbilisidə 64 saylı Azərbaycan məktəbinin kitabxanasına təhvil veriləcək. Bu aksiya davamlı olacaq. Layihənin məqsədi odur ki, harada yaşamasından asılı olmayaraq azərbaycanlı gənclər özlərini yalnız hiss etməsinlər, Azərbaycan gəncliyi hər zaman həmrəy olsun.

Tədbir mövzu üzrə müzakirələrlə davam edib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az