Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 90 dəfə

“Nəsimidən nəsimlər” kitabının təqdimatı olub

Paylaş

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Həsən Hüseyninin birgə müəllifliyi ilə nəşr olunmuş “Nəsimidən nəsimlər” kitabının təqdimatı keçirilib. Nəşrin redaktoru Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəylidir.

İnstitutdan bildirilib ki, təqdimat mərasimində elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov nəşrin elmi əhəmiyyətindən danışıb. Bildirib ki, əsər böyük şairin 650 illik yubileyinə ithaf olunsa da, Nəsimi yaradıcılığının araşdırılması hər zaman aktualdır. Təqdimatı keçirilən kitabda dəyərli təhlillər aparılıb.

Kitabın rəyçilərindən biri, Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin müdiri Qutiyera Cəfərova bu nəşrin böyük şairin zəngin irsinin araşdırılması istiqamətində dəyərli töhfə olduğunu deyib.

Nəsimi yaradıcılığından söz açan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı şairin yaradıcılığı haqqında aparılmış təhlillərə görə hər iki müəllifi, xüsusən də bu günlərdə 60 yaşı tamam olan Vərağa Salmanovu təbrik edib.

Kitabın rəyçisi, institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli diqqətə çatdırıb ki, nəşrdə maraqlı məqamlardan biri Nəsiminin Həzrət Əliyə olan münasibəti, Quranda əks olunan bəşəri mövzularla bağlı fikirlərin olduqca gözəl əks etdirilməsidir.

N.Məmmədli kitabı Azərbaycan nəsimişünaslığında dahi söz ustadını Quran hafizi kimi, islam alimi kimi araşdıran uğurlu addımlardan biri kimi qiymətləndirib. Alim əlavə edib ki, burada şairin yaradıcılığı yalnız irfani deyil, poetik cəhətdən də dərin araşdırılıb.

Kitabın digər rəyçisi – Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov bildirib ki, müəllif nəşrdə Nəsimini Şumer dövründən tutmuş Xaqani, Nizami kontekstində təhlil edib. Şairin yaradıcılığını həm dini, həm də elmi cəhətdən bərabər şəkildə araşdırıb. Ə.Nəcəfov Quranın gözəl bilicisi Həsən Hüseyninin də şərhlərini yüksək qiymətləndirib.

İnstitutun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Mircəfər Seyidov, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nəsib Göyüşov təqdim olunan araşdırmaları yüksək qiymətləndiriblər.

Kitabı nəşrə hazırlayan və “Ön söz”ün müəllifi, institutun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Sona Xəyal bu kitabda hər iki müəllifin şairin yaradıcılığı ilə bağlı yanaşmalarının ilk dəfə təqdim olunduğunu deyib.

Sonda müəlliflər təqdimat mərasiminin təşkilinə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildiriblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az