Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 76 dəfə

Dünya bazarlarında neftə olan tələbat xeyli azalıb

Paylaş

Dünya bazarlarında neftə olan tələbat koronavirus pandemiyası ilə əlaqədar xeyli azalıb. “OPEC+” alyansının G20 ölkələrinin Enerji nazirlərinin də iştirakı ilə bu həftə keçirilən müzakirələri hasilatın azaldılması problemini həll edib. Hasilatçı ölkələr iki ay müddətinə istehsalın gündəlik 10 milyon barrel azaldılması barədə razılığa gəliblər. Təkcə Meksika ondan tələb olunan 400 min barrel həcmində azaldılma ilə razılaşmayıb. OPEC digər ölkələrin hasilatı 5 milyon barrel azaldacağını gözlədiyini elan edib və G20 qrupu da bu qərarı dəstəkləyib.

Beynəlxalq ekspertlər Al-Arabiya telekanalında yaxın aylarda qlobal neft bazarında vəziyyəti şərh ediblər.

“OANDA” treydinq firmasının marketinq üzrə analitiki Ceffri Halley bildirib ki, Meksika ilə ABŞ arasında sövdələşmə o qədər də aydın deyil. Belə ki, Prezident Donald Tramp Meksikanın imtina etdiyi gündəlik 250 min barrel nefti kimin kompensasiya edəcəyinə aydınlıq gətirməyib. Digər tərəfdən, ABŞ-da da hasilatın azaldılmasına kimin sərəncam vermək hüququna malik olduğu da bilinmir. Ekspertin sözlərinə görə, növbəti addım aprelin 12-də Meksika ilə Səudiyyə Ərəbistanı arasında aparılacaq müzakirələr olacaq.

O əlavə edib ki, Ər-Riyad bu görüşdə qarşı tərəflə kompromis əldə edə bilər. C.Halley onu da qeyd edib ki, bazar ertəsi Brent markalı neftin qiyməti yenidən kəskin azala və hər barrel üçün 25 dollara düşə bilər. Onun sözlərinə görə, gündəlik 10 milyon barrel azalmanın yaxın bir ayda neftin qiymətlərinə əhəmiyyətli dərəcədə təsiri də şübhə altındadır. Belə ki, Kanada və ABŞ-ın hasilatın azldılması ilə bağlı mövqeyi tam aydın deyil.

“Verocy&Global Head Startegy and Risk of Berry Commodities” Fondunun direktoru Siril Viddershoven isə qeyd edib ki, hazırkı vəziyyət tamamilə aydındır. Onun sözlərinə görə, “OPEC+” alyansı və G20 qrupu gündəlik hasilatı 17-25 milyon barrel azltmayana qədər bazarları idarə etmək mümkün olmayacaq. Expert əlavə edib ki, neftə tələbatın ən aşağı səviyyədə olduğu hazırkı vəziyyətdə 10-15 milyon barrel həcmində azalma təkcə qiymətlərin indiki səviyyədə qalmasını təmin edə bilər.

Viddershovenin sözlərinə görə, anbarların dolu olduğu və əlavə ehtiyac olmadığı anda qiymətlərin yenidən aşağı düşəcəyi istisna olunmur, çünki koronavirus pandemiyasının ciddi təsiri davam edir. Eyni zamanda, ekspert vurğulayıb ki, OPEC ölkələri, xüsusən Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri və Küveyt arasında mübahisələr davam edir və sonuncuların öz öhdəliklərini yerinə yetirəcəyi də şübhə altındadır.

Viddershoven diqqətə çatdırıb ki, ABŞ Administrasiyası da ölkədəki neft şirkətlərini hasilatı azaltmağa məcbur etmək gücündə deyil. Onun sözlərinə görə, Birləşmiş Ştatların neft ehtiyatlarının həcmi müvəqqəti olaraq yerli istehsalçılardan xam neft qəbul etməyə imkan verir və onların da dolması yerli şirkətlərin iflası ilə nəticələnə bilər. Eyni zamanda, şist neftinin gündəlik 2-4 milyon barrel azalması bazarlarda sabitlik yarada bilər.

“Rystad Energy” şirkətinin neft bazarları üzrə analitiki Luis Diksonun fikrincə, hazırkı vəziyyətdə “OPEC+” alyansının əməkdaşlığı və atdığı addımlar misilsizdir. O qeyd edib ki, indi neft hasilatçısı ölkələr daha çox həmrəy olmalı, kompromis variantlara üstünlük verməlidir. Ekspert əlavə edib ki, 2020-ci il ərzində hasilatın gündəlik 10 milyon barrel azaldılması və koronavirus pandemiyası ilə bağlı vəziyyətin sabitləşməsi qlobal neft bazarında müsbət meyillər yaradacaq.

Lakin Dikson mayın 1-dək Brent markalı neftin qiymətlərinin hər barrel üçün 30 dollardan yuxarı olmayacağını bildirib. Çünki Həmin tarixədək öhdəlik götürən ölkələr hasilatın azaldılması istiqamətində tədbirlər görməlidir. “Neft maşını o qədər də çevik deyil və ani olaraq düyməyə basıb hasilatı azaltmaq da mümkünsüzdür”, -deyə o vurğulayıb.

“IHS Market” şirkətinin vitse-prezidenti Rocer Diven proseslərin xeyli mürəkkəb olduğunu və qlobal neft bazarında sabitlik yaranması üçün xeyli iş görülməsi zəruruliyini qeyd edib. Alınan qərarların “yaxşı başlanğıc” olduğunu da diqqətə çatdıran ekspertin sözlərinə görə, daha mühüm amil koronavirus pandemiyasının tezliklə sona çatması olacaq. R.Diven, həmçinin Meksika ilə bağlı problemin də həllinin vacib olduğunu söyləyib.

“Derasat” treydinq şirkətinin analitiki Ömər Əl-Ubaydil isə bildirib ki, Meksika ilə bağlı problem həll edilsə belə, əsas məsələ qarşıdakı aylarda hasilatın azaldılmasının monitorinqi və razılaşma tərəflərinin öhdəliklərinə əməl etməsi olacaq.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az