Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 64 dəfə

Lerikdə müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir

Paylaş

Lerik rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti, ərazi icra nümayəndəlikləri, bələdiyyələr və rayonda yaradılmış könüllü qruplar aztəminatlı ailələrin, xüsusilə yaşı 65-dən çox olan tənha və ahıl insanların sosial-məişət problemlərini öyrənir, onların operativ qaydada həll olunmasına çalışırlar.

Bununla yanaşı, rayon ərazisində pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə idarə və müəssisələrin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə, dezinfeksiya tədbirləri görülür. Lerik şəhərində küçə və parklarda, çoxmənzilli binalarda dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.

Lerik rayonu ərazisində fəaliyyət göstərən “Relax” turizm-istirahət mərkəzində karantinə alınmış vətəndaşlar daim rayon icra hakimiyyəti tərəfindən diqqətdə saxlanılır. Karantin müddətini başa vurmuş vətəndaşların öz evlərinə təhlükəsiz və rahat şəkildə çatdırılması məqsədilə onlar pulsuz nəqliyyatla təmin edilirlər.

Aprelin 11-də rayon icra hakimiyyəti tərəfindən daha 100-ə yaxın aztəminatlı ailəyə, tənha və ahıl insanlara ərzaq bağlamaları paylanılıb. Sosial yardımlar sakinlərə evlərində çatdırılıb.

Aksiyadan yararlanan rayon sakinləri ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə tədbirlərini yüksək qiymətləndirərək, bu ağır günlərdə onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xüsusi karantin rejimi dövründə elan edilmiş qaydalara tam şəkildə riayət olunmasından ötrü digər dövlət orqanları, imkanlı şəxslər və ərazilərdə fəaliyyət göstərən kənd icmaları da bu nəcib təşəbbüsə qoşularaq, tənha və ahıl insanlara ərzaq bağlamaları paylayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında yaradılmış könüllü birliklər DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə davamlı olaraq rayonda tənha və ahıl insanlara sosial-məişət xidmətləri göstərirlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az