Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 14 dəfə

Ermənistanın qanunsuz məskunlaşdırma fəaliyyəti hərbi cinayətdir

Paylaş

Suriyadan sonra indi də Livan ermənilərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirmək cəhdi düşmənçiliyin əyani göstəricisidir. Livandakı partlayışdan sonra həmin ölkədə yaşayan sadə erməniləri saxta təbliğat və yalan vədlərlə Azərbaycanın işğal olunmuş torpaqlarına köçməyə həvəsləndirmək erməni riyakarlığının növbəti təzahürüdür. Əlbəttə ki, Livan ermənilərini Dağlıq Qarabağa köçürmək cəhdi işğalçı Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və bir dövlətin işğal olunmuş ərazilərində başqa bir dövlət tərəfindən qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi beynəlxalq hüquqa təhdiddir.

Arx.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti, etnik quruluşu zorla və süni şəkildə dəyişməyə çalışdığını qeyd edən Sədaqət Vəliyeva bildirib: “Ermənistanın məqsədi Dağlıq Qarabağ bölgəsində qanunsuz olaraq 500 minə qədər erməni məskunlaşdırmaqla bölgənin etnik tərkibini dəyişməkdir.

Lakin o da faktdır ki, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Bu da o deməkdir ki, Ermənistanın qanunsuz məskunlaşdırma fəaliyyəti beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, həm də hərbi cinayətdir”.

“Beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısını qətiyyətlə almalı, təcavüzkar dövlətə sanksiyalar tətbiq etməlidirlər”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistan və separatçı rejim qanunsuz məskunlaşdırma siyasətinin ciddi reaksiya doğuracağını bilə-bilə siyasi təxribata əl atır. Yerevan açıq şəkildə bölgənin demoqrafik quruluşunu dəyişmək və regionun işğalını qanuniləşdirmək üçün kart-blanş əldə etməyə çalışır.

Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına nail olmaqdır. Belə bir niyyət isə Cənubi Qafqazda siyasi-hərbi eskalasiyanı dərinləşdirə bilər. Bu zaman bütün məsuliyyət Ermənistan tərəfinin üzərində olacaq. Beynəlxalq təşkilatlar bu məqamı xüsusilə diqqətə almalı və Ermənistanın xeyrinə olan ikili standartlar siyasətini aradan qaldırmalı, işğalçını adı ilə çağırmalı, beynəlxalq hüquqa zidd bütün əməllərinin qarşısını almaq üçün hərəkətə keçməlidirlər”.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az