Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8352 AZN
Oxunub: 8 dəfə

Qərbi Yava əyaləti azərbaycanlı sahibkarlarla əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır

Paylaş

İndoneziyanın Qərbi Yava əyaləti azərbaycanlı sahibkarlarla əməkdaşlıq əlaqələri qurmaqda və qarşılıqlı investisiya qoyuluşunda maraqlıdır.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, bu fikri əyalətin qubernatoru Ridvan Kamil Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevlə görüşdə ifadə edib.

Görüş zamanı Azərbaycan səfiri ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti, iqtisadi inkişafı, aparılan islahatlar, regiondakı əlverişli strateji-coğrafi mövqeyi, irimiqyaslı regional və trans-regional enerji və infrastruktur layihələrində rolu, habelə Azərbaycan–İndoneziya münasibətləri barədə danışıb. Qubernatora, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında ətraflı məlumat verilib.

Azərbaycandakı əlverişli investisiya mühiti barədə danışan diplomat Qərbi Yava əyalətinin iş adamlarını ölkəmizdə kənd təsərrüfatı, turizm və digər sahələrə yatırım etməyə dəvət edib. O, iki ölkə arasında münasibətlərinin möhkəm zəmində inkişaf etdirilməsi məqsədilə regionlar arasında əlaqələrin inkişafının zəruriliyini bildirib.

Sonra C.Mirzəyev indoneziyalı turistlərin, xüsusilə zəvvar-turistlərin Ümrə ziyarətindən əvvəl Azərbaycana səfərlərinin təşviqi istiqamətində iş aparıldığını, Azərbaycan ilə İndoneziya arasında birbaşa uçuş olmadığı üçün alternativ marşrutların nəzərdən keçirildiyini bildirib. C.Mirzəyev ölkəmizin İndoneziyanın halal turizm sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu da qeyd edib.

Qubernator R.Kamil Qərbi Yava əyalətinin iqtisadi baxımdan sürətli inkişafı, əlverişli coğrafi mövqeyə malik olması və ixrac potensialı haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, əyalətdə investisiya üçün ən əlverişli sahələrin turizm, ictimai nəqliyyat, tikinti, biotermal enerji və s. infrastruktur sahələridir. O, həmçinin rəhbərlik etdiyi əyalətin ötən il buraya qoyulmuş 10 milyard ABŞ dollarına yaxın investisiya ilə Cakarta, Mərkəzi Yava və Şərqi Yava əyalətlərindən irəlidə olduğunu vurğulayıb.

Hər il 650 mindən çox indoneziyalı zəvvar-turistin “Ümrə+” turistik paketindən istifadə etdiklərini bildirən qubernator indoneziyalı zəvvarların Azərbaycana cəlb edilməsi istiqamətində səfirlik tərəfindən aparılan işi yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycanın turizm agentliklərinin bu prosesdə iştirakı hər iki tərəf üçün faydalı ola bilər.

Qubernator, həmçinin azərbaycanlı investorları Qərbi Yava əyalətinə sərmayə qoymağa dəvət edib, bunun üçün lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Bununla yanaşı, mövcud əlverişli investisiya mühitini nəzərə alaraq, şəxsən özünün də Azərbaycana sərmayə qoyulmasında maraqlı olduğunu bildirən R.Kamil ilkin olaraq kiçik və orta sahibkarlar səviyyəsində əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.

Görüş zamanı səfir tərəfindən Bandunq şəhərindəki küçələrdən birinə Azərbaycan adının verilməsi təklif edilib.

İndoneziya, Yaxın Şərq və Cənubi-Şərqi Asiyada bir çox məşhur məscidlərin dizayn müəllifi olan R.Kamil Azərbaycanda inşa ediləcək məscidlərdən birinə dizayn verməyi təklif edib və Qərbi Yava əyalətindəki küçələrdən birinə Azərbaycan adının verilməsi məsələsini dəstəkləyəcəyini vəd edib.

Görüşdə, həmçinin bu il İndoneziyada keçiriləcək Azərbaycan mədəniyyət günlərinin bir neçə tədbirinin Qərbi Yava əyalətinin mərkəzi olan Bandunq şəhərində təşkil edilməsi barədə razılıq əldə olunub.

Diplomat qarşı tərəfin azərbaycanlı investorların regiondakı layihələrdə iştirakı ilə bağlı çağırışını yüksək qiymətləndirib və görüşə görə təşəkkürünü bildirib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az