Fitrə zəkatının miqdarı, Ramazan bayramının digər xüsusiyyətləri

Fitrə zəkatı oruc tutan yaxud tutmayan, ailədəki hər adam başına təqribən 3 kq xurma, kişmiş, pendir, qarabaşaq, arpa, buğda, darı, mərcimək, düyü kimi ərzaq növlərindən ona görə verilir ki, bu məhsullar daha çox istifadə edilir. O demək deyil ki, başqa ərzaq növlərindən vermək olmaz. İstəyən ət məhsullarından, daha qiymətli ərzaqdan da verə bilər. Adı çəkilən məhsullar hədislərdə ona görə xatırlanıb ki, hamı verə bilsin, yaxud o dövrdə əsasən həmin ərazilərdə o məhsullar istifsdə olunurdu. Ona görə bir neçə məhsulun adı çəkilib ki, kimin imkanı hansına çatsa, kimdə hansı məhsuldan olsa ondan verə bilsin.
Tutaq ki, buğdaya imkanı çatan buğdadan, kişmişə imkanı çatan da kişmişdən verər. Adam başına minimum hədd 3 kq - dır. İllik qazancını ödəmək imkanında olan müsəlmanlara vacibdir bu zəkat növü. O miqdardan daha çox da vermək olar. Özü gündəlik ət, düyü, ləbləbi yeyən adamın kasıbın qapısına arpa aparması təbii ki, doğru olmaz. Hərə öz yediyindən, öz büdcəsində olandan verməlidir. Məsələn, adam var ki, qara kürü yeyir. Onun kasıba bayram günü 3 kq buğda verməsi İslam ənənəsinə müvafiq olmaz. Fitrəni elə vermək lazımdır ki, verilən insanın qüruruna toxunmasın. Yəni, onu xar etməyəsən. Adam var ki, qüruruna sığışdırmır. Kasıblıq eyib deyil, Peyğəmbər buyurur ki, "fəqirlik fəxrimdir." O da kasıb olub, elə gün olub yeməyə bir xurma da tapmayıb, günlərlə ac qalmaqdan qəddi əyilməsin deyə qarnına daş bağlayıb. Ona görə də heç vaxt kasıbı, fəqiri alçaltmayıb. Edilən yaxşılıq başqalarını da bu işə təşviq etmək üçün edilirsə bu olar, qeyrilərinə də münunə olar. Ancaq özünü reklam etmək üçün, göstəriş üçün edilsə bu artıq riyadır və dinimiz bunu qəbul etmir. Fitrə zəkatı indiki hesabla, dövrümüzün sosial vəziyyətinə görə adam başına 5-15 manat arası ola bilər. İstəyən, imkanı olan təbii ki, adam başına 50 manatlıq da fitrə verər. Onun savabı daha çox olar. Ərzaqların kateqoriyalara ayrılması insanları çaşdırmamalıdır. Bəzən arpa, buğda, xurma, kişmiş deyirlər, möminlər də çaşbaş qalır ki, axı bunların qiyməti eyni deyil, necə edək? Ona görə bir daha xatırladırıq ki, bu kateqoriyalar, təsniflər ona görədir ki, kimin nümunə verilən bu və ya başqa halal ərzaqlardan hansına, hansının dəyərinə aid məbləğə gücü çatarsa elə ondan da, o qədər də versin.
O ki, qaldı onlayn ödənişə: fitrənin bir mahiyyəti də insanların sosial cəhətdən əlaqələrinin yaxınlaşmasına, dostluq, mehribanlıq, isti münasibətlərin yenilənməsinə xidmət etdiyi üçün daha yaxşı olar ki, canlı verilsin. Fitrə verən özü versin, əlbəəl. Yəni, söhbət pulda, ərzqda deyil, axı mənəvi sədəqə də var. Peyğəmbərin hədislərində adi xoş söz də sədəqə adlanıb. Hamı kartla ödəsə, bu xəstə adama yardım, ianə, kömək etməkdən fərqlənmir. Bununla yanaşı işi, səfəri, səhhəti ilə əlaqədər özü təqdim edə bilməyən şəxslər baçqaları vasitəsi ilə də fitrələrini ünvana çatdırarlar. Hətta onlayn vasitə ilə də təqdim edə bilərlər, kartlar vasitəsi ilə. Ancaq bu, istisna hallarda ola bilər, bunu ənənəvi hala salmaq olmaz. O zaman İslamın, Ramazanın sosiallıq mahiyyətinə zidd olmuş olar. Məsələn, kasıb adamın evinə qonaq getmək, hal - əhval tutmaq, fitrəni də pay qismində təqdim etmək olar. Fitrə verərkən onun məhz fitrə olduğunu demək də ədəbə ziddir. Nəinki onu ictimailəşdirmək. Çünki mömin, müsəlmanlar dinimizə görə ehtirama layiqdir və müsəlmanın ehtiramına, şəxsiyyətinə, qüruruna xələl gəlməməlidir.
Tural İrfan
İlahiyyatçı - alim, Milli Cəbhə Partiyasının sədr müavini
Reaksiyanız necədir?






