İlahiyyatçıları kim elmi dərəcə almaqdan məhrum edib?

Bakı İslam Universitetini bitirib elmlə məşğul olmaq istəmişəm. Molla, axund olub pul qazanmaq yox, xalqıma, dövlətimə elmlə, ilahiyyat sahəsində araşdırmalarla töhfə vermək istəmişəm. Ancaq 10 ildən çoxdur süründürülürəm. Ona görə ki, Bakı İslam Universitetinin mənə verdiyi diplomu Təhsil nazirliyi, Elmlər Akademiyası tanımır. Ancaq İranın, Suriyanın diplomunu tanıyır. Ali məhkəməyə qədər getdik. Məlum oldu ki, Bakı İslam Universiteti fəaliyyəti dövründə ölkə Qanunlarına tabe olmayıb. Onlara nəzarət etməli olan orqanlar, nazirliklər də göz yumub. Universitetə qarşı heç bir iddia qaldırılıb vaxtında onun əməllərinə rəsmi etiraz edilməyib. İndi də problem biz məzunların başında çatlayıb. Universitetin yol verdiyi nöqsanların, təhsil nazirliyinin hərəkətsizliyinin cəzasını indi mən çəkməliyəm?
İki qəzet redaktoru və təsisçisi, bir şirkət direktoruyam, 3 xəbər sayt rəhbəriyəm. Jurnalistika, publisistika sahəsində məşğul olmağa məcbur olmuşam. Çünki Konstitusiyasıda göstərilən elmi fəaliyyətlə məşğul olmaq hüquqlarım pozulub. Dövlət imtahan komissiyasında imtahan vermək hüququm əlindən alınıb. Halbuki 5 il ali təhsil almışam. Hətta magistr mərhələsini də əla qiymətlərlə başa vurmuşam.
Bu gün ölkədə milli, dövlətini sevən sağlam ilahiyyatçılara, alimlərə ehtiyac var. Ancaq qaranlıq qüvvələr bizə imkan vermir ki, elmi sahədə irəliləyək, bizdə də milli ali dərəcəli ilahiyyat alimləri yetişsin.
Odur ki, vətəndaş hüquqlarımız tapdanıb, külli miqdarda maddi, mənəvi, psixoloji, ictimai zərər və ziyan vurulub. Elmi dərəcə almaq, elmi iş müdaifə etmək, ixtisasım üzrə çalışmaq hüquqlarım əlimdən alınıb, müflis edilmişəm.
Universitetin törətdiyi qanunsuz əməllər ilə bağlı təhsil nazirliyinin rəyi və Ali Məhkəmənin yekun qərarı əsasında mənə vurulmuş külli miqdarda zərər və ziyana görə ölkənin ali orqanlarına müraciət edirik. Həmçinin təhsil nazirliyinin rəsmi məktubu ilə, həm məhkəmə orqanlarına, həm də bizə bildirilib ki, Universitet qanunlara tabe olmayıb, qanunsuz filiallar açıb, saxta diplom verib, lisenziyasız fəaliyyət göstərib, akkreditasiyadan keçməyib, xarici ölkələrə qanunsuz olaraq tələbələri aldadaraq göndərib və digər cinayət tərkibli bir sıra əməllərə yol verib.
On illərlə universitetin törətdiyi bu əməllərə də bizə məlum olmayan səbəblərə görə göz yumulub.
Ali Məhkəmənin yekun qərarını əldə əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandana, Respublika Baş Prokurorluğuna, Dövlət Təhlükəsizliyi Xidmətinə, Nazirlər Kabinetinə müraciət edərək tapdanan hüquqlarımın bərpası üçün kömək istəyirəm.
Bəxşeyiş Qarabağlı (Əyyubov)
"Hüquq və Media Group" MMC - nin, "Həqiqət meyarı" ictimai-siyasi qəzetinin, Arx. az və cnnnews. az xəbər portallarının, ARX TV onlayn televiziya və radiosunun rəhbəri
Reaksiyanız necədir?






