Oxşar bayraq, ayrı coğrafiya - Yeni Kaledoniya haradır?

Jun 10, 2024 - 16:22
 0  5
Oxşar bayraq, ayrı coğrafiya - Yeni Kaledoniya haradır?

Əksəriyyət Yeni Kaledoniya adını mediada tez-tez eşidir, bayrağının Azərbaycan bayrağı ilə oxşar olduğunu, ərazinin Fransa müstəmləkəsi olduğunu da bilir. Lakin Kaledoniya haqqında çox az insan geniş məlumata sahibdir.

Yeni Kaledoniya haradır?

Yeni Kaledoniya, Avstraliyanın şərqində və Vanuatu arxipelaqının cənubunda yerləşir. Okeaniyanın Melaneziya adaları qrupuna daxil olan Kaledoniya ən böyüyü “Grande Terre” (Böyük ada) olmaqla, bir neçə kiçik adadan ibarətdir. Ümumi ərazisi 18,576 min kvadrat kilometrdir.

Adanın tarixi

Arxeoloji qazıntılar göstərir ki, adada ilk yaşam eramızdan əvvəl 1500-cü illərdə olmuşdur.

Yeni Kaledoniya ilk dəfə olaraq 1774-cü ildə Tomas Kuk tərəfindən kəşf edilib və bundan sonra avropalılar adaya ayaq basmışdır. Kuk adaya gəldiyi zaman adanın havasını Şotlandiyaya bənzətdiyi üçün, bura “Yeni Kaledoniya” adını verir. (Şotlandiya ərazisi Romalılar tərəfindən Kaledoniya adlandırılırdı). Adadakı müstəqillik tərəfdarları ölkələrini “Kanaki” adlandırırlar.

Ada əhalisi, dil və din

2023-cü ilin sonuna olan məlumata görə, Yeni Kaledoniyanın əhalisi təxminən 290,000 nəfərdir.

Yeni Kaledoniyanın əhalisinin təxminən 40-45 faizini Melaneziya yerliləri olan kanaklar təşkil edir. Nüfuzun 25 faizi isə avropalılardır, onlar “Caldoches” və “Zorailles” adlandırılırlar. Eyni zamanda adada az sayda asiyalılar – çinlilər, indoneziyalılar və vietnamlılar yaşamaqdadır.

Yeni Kaledoniyanın mərkəzi şəhəri Numeadır. Şəhərətrafı da daxil olmaqla, əhalinin böyük qismi məhz burada yaşayır.

Rəsmi dili fransızca olan Kaledoniya əhalisinin 97 faizi bu dildə həm danışıb, həm yaza bilir. Eyni zamanda, adada 30-a yaxın kanak dili istifadə edilir. (Drehu, Nengone, Paici, Futunan, Tahiti, Cava və s.). Vietnam və çin dillərindən də az sayda istifadə mövcuddur.

Adada əsasən xristianlıq dini hökm sürür. Avropalılar, viyetnamlıların çoxu, Melaneziya və Polineziya yerlilərinin bir hissəsi daxil olmaqla, əhalinin yarısı katolikdir. Adada həmçinin çox sayda protestant kilsəsi vardır, protestantlıq adada ötən əsrdən güclü formada yayılmağa başlayıb. Eyni zamanda, burada təxminən 6 mindən çox müsəlman olduğu bildirilir.

Yeni Kaledoniyanın iqtisadiyyatı

2019-cu ilin məlumatlarına görə, Yeni Kaledoniya 9,44 ABŞ dolları ÜDM ilə bölgədəki ən güclü iqtisadiyyata malik 5-ci ölkədir. Pul vahidi CFP frankıdır (Sakit okean frankı).

Ada faydalı qazıntılarla olduqca zəngindir. Burada nikel, mis, xrom yataqları mövcuddur. Dünyadakı nikel yataqlarının 25 faizi məhz Kaledoniyada yerləşir. Adadakı nikel yataqları 1863-cü ildə kəşf edilmişdir.

Ada eyni zamanda dünyanın ən böyük ikinci mərcan rifinə ev sahibliyi edir.

Azərbaycana bayrağına oxşar bayraq

1848-ci ildən Yeni Kaledoniyada rəsmi bayraq olaraq sadəcə Fransa bayrağı istifadə edilirdi. Lakin 2010-cu ildə Konqres FLNKS (Front de libération nationale kanak et socialiste – Kanak Sosialist Beynəlxalq Qurtuluş Cəbhəsi) bayrağının Fransa bayrağı ilə birgə dalğalandırılması təklifinin lehinə səs verib.

Kanak bayrağı ilk dəfə 1984-cü ildə qəbul edilmişdir. Bayraq üç bərabər şaquli zolaqdan ibarətdir – mavi, qırmızı, yaşıl. Mavi rəng sahildə yaşayan əhalini təmsil edir, yaşıl rəng isə dağlıq ərazidə yaşayanları. Qırmızı rəng isə iki tərəf arasındakı ittifaqı, mübarizəni və keçmiş nəsillərin qanını təmsil edir. Bayrağın sol tərəfindəki dairə günəş və yaşamın, ortasındakı yerlilər tərəfindən istifadə edilən nizə isə kanakların müstəqilliyinin rəmzidir.

Kaledoniya üç böyük bölgədən ibarətdir (Şimal, Cənub və Sədaqət adaları) və bu bölgələrin də özlərinin bayraqları mövcuddur.

Ada Fransa müstəmləkəsinə belə çevrildi

Adada 19-cu əsrdə Britaniya və Fransa hakimiyyət qurmağa başlamışdır. 1853-cü ildə admiral Despointes Kaledoniyanı III Napoleonun adına sahiblənərək adada Fransanın hakimiyyətini qurmuşdur.

Fransa adanı 1864-cü ildən 1922-ci ilə qədər cəza koloniyası olaraq istifadə etmişdir. İlk olaraq 1864-cü ildə 250 məhkum adaya gətirilmişdir.

Adadakı nikel yataqları məhz bu dövrdə - 1863-cü ildə kəşf edilir, 1880-ci ildə şirkət halına salınaraq “Société Le Nickel” adlandırılır. Mədənlərdə məhkumlar, əsirlər, Asiya və Okeaniyadan gələn işçilər çalışdırılmışdır.

Fransa Yeni Kaledoniyanı 1946-cı ildə dənizaşırı ərazisi elan edir.

Kaledoniyada ilk müstəqillik çağırışları

1980-ci illərdən başlayaraq Yeni Kaledoniyada ilk müstəqillik çağırışları meydana çıxır. Nəticədə bir çox üsyan və etirazlar olur.

1984-cü ildə Kanak Sosialist Beynəlxaq Qurtuluş Cəbhəsi (FLNKS) yaradıldı və qarşıdan gələn seçkiləri boykot etdilər. Liderləri Jan-Marie Tjibaonu qurduqları müvəqqəti hökümətə rəhbər təyin etdilər. Bu hadisədən sonra bir neçə kanak siyasətçiyə sui-qəsd təşkil edildi.

1986-cı ildə BMT Yeni Kaledoniyanı yenidən dekolonizasiya edilməsi lazım olan bölgə elan etdi, 1987-ci ildə planlanan referendum kanaklar tərəfindən boykot edildi. Proses 1988-ci ildə Fransa özəl birliklərinin müdaxiləsi ilə yekunlaşdı.

1998-ci ildə imzalanan Numea müqaviləsi ilə Kaledoniya 3 müsqətillik referendumu keçirmək haqqı əldə edir. 2018 və 2020 tarixlərində keçirilən referendumda əhalinin çoxu Kaledoniyanın Fransaya bağlı qalmasına səs verdi. 2021-ci ildə keçirilən son referendum kanakların əksəriyyəti tərəfindən boykot edildi və əhalinin 96 faizi Fransaya bağlı qalmağı seçdi.

Azərbaycan və Yeni Kaledoniya əlaqələri

Azərbaycan Kaledoniyanın müstəqilliyinə dəstək verən ölkələrdəndir. Həm parlament, həm hökümət səviyyəsində zaman-zaman bu barədə fikirlər səsləndirilmişdir.

Bu ilin mart ayında paytaxt Numeada Fransaya qarşı keçirilən etiraz aksiyalarında çıxış edən Yeni Kaledoniya parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie-Line Sakilia, həmçinin digər rəsmilər Azərbaycana kanak əhalisinin müstəqillik və suverenliyi uğrunda apardığı mübarizəyə dəstək verdiyinə görə təşəkkür etmişdir.

Aksiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin və "Dəmir Yumruğ"un fotolarının əks olunduğu plakatlar qaldırıldı, Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırıldı, hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları var idi.

Bundan bir müddət sonra, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Məkan Planlaması, Davamlı İnkişaf, Enerji, Nəqliyyat və Kommunikasiyalar üzrə Komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etdi.

Fransanın daxili işlər naziri Jerar Darmanin may ayında verdiyi müsahibədə Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında münasibətlər olduğunu iddia edib.

Buna cavab olaraq Azərbaycan XİN iddiaları tamamilə rədd etdi. Məlumatda bildirilirdi:

"Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı".

Reaksiyanız necədir?

like

dislike

love

funny

angry

sad

wow